Azad Yaşar Azad Yashar Азад Яшар

Azad Yaşar çeviriləri - 2
YA HU - Sufizm Dao Dzen

2008-ci ilin dekabrında Azad YAŞARın Sufizm, Dao, Dzen hekayətləri və ən çağdaş hikmətlər toplusu "YA HU" adı ilə işıq üzü görüb. 500 ədəd tirajla çap olunan 248 səhifəlik kitabda mövzularla əlaqədar 150 illüstrasiya oxucuların mühakiməsinə verilib. Müəllifin kitaba yazdığı "Son söz"ü ilkin tanışlıq məqsədi ilə oxuculara təqdim edirik.

Sufizm, Dao, Dzen və bənzər digər dünyagörüşləri barədə ilk kitabları təxminən otuz il öncə, tələbə ikən oxumuşam. Həmin dövr Sovetlər İttifaqının ən güclü dönəmlərinə təsadüf etdiyindən müxtəlif dinlərlə, məzhəblərlə, təriqətlərlə, fərqli dünyagörüşləri ilə bağlı kitablar ideoloji baxımdan yasaq idi. Topluma aşılanan və sırınan yeganə «doğru» və hakim dünyagörüşü - kommunizm ideologiyası idi, hər şey dialektikaya, darvinizmə, materializmə köklənmişdi və bu baxımdan sosializmlə kapitalizm arasındakı fərq əslində bir elə dərin də deyildi. Çünki tarix boyu mövcud olan bütün quruluşlarda insanların maddi nemətlərə bağlılığı keçici, ruhi dəyərlərə ehtiyacları isə daimi olub. Axı, uca Yaradanın şah əsəri, yaranışın əşrəfi olan İnsan daim maddilik qəfəsinin əsiri ola bilməz. Elə buna görə də Tanrı vaxtilə insanın gildən yaratdığı quru canına bir dirilik nəfəsi üfləməyə ehtiyac duymuş, ona ruh vermişdi. Dahi türk şairi və mütəfəkkiri M.C.Rumi bu prosesi neyçinin cansız neyi öz nəfəsiylə diriltməsinə, dilə gətirməsinə bənzətmişdi «Məsnəvi»nin ilk on səkkiz beytində. Bütün dinlər, məzhəblər və təriqətlər insanoğlunun Tanrıdan gəlib, Tanrıya dönəcəyinə iman gətirməkdədirlər. Yaradanın bağrından qopub bu maddi və fani dünyaya sınağa göndərilən insan burada əkdiklərinin bəhərini gec-tez axirətdə toplayacaqdır. Əgər maddi dünya - axirətin tarlasıdırsa, hər xeyir və şər əməlin mükafatı və cəzası əvvəl-axır veriləcəksə, onda insan addımbaşı yaxşını yamandan, ağı qaradan, xeyiri şərdən ayırmağa məcburdur. Ən fərqli durumlarda bunu bacarmaqdan ötrü isə o, daim özünü mənəvi cəhətdən kamilləşdirməlidir, Yaradanın ona bağışladığı ruhu gecə-gündüz cilalamalı, ona üstün özəlliklər qazandırmalı, onu bənzərsiz qılmalıdır. Bir sınaq meydanı olan bu dünyanı tərk edib, Allahın dərgahına yollananda, öz ruhunu uca Yaradana təslim edəndə bu ruh imkan daxilində əvvəlki kimi təmiz və gözəl olmalıdır. Keçici dünyada yaşadığı müddətcə Allahdan əziz bir əmanət olan ruhunu daha da zənginləşdirən, onu hər xeyirxah əməllə bir az da cilalayan, gözəlləşdirən uca şəxsiyyətlər də var. Amma insanlıq tarixində bu cür ideal, örnək insanlar dünyaya gəlib-gedən saysız-hesabsız insan axınıyla müqayisədə çox az olub.
İnsanı Haqq yoluna çağırmaq üçün bütün dinlər və dünyagörüşləri insanın əməllərində niyyəti birinci plana çıxarıblar. Sonucda varılan mənzil hər zaman niyyətə uyğun olmasa belə, insan daim özünü, könlünü, könül gözünü xeyirə, xeyirxahlığa kökləməli, nəfsinin ona qurduğu tələlərin şikarına çevrilməməlidir. Bu kitabda toplanan və ən müxtəlif xalqların mənəvi saxlancından seçilən müdrik hekayətlər və deyimlər də bu uca məqsədə xidmət edir. İlk baxışda onlar arasındakı fərq, uyuşmazlıq oxucunu çaşdıra da bilər, amma kitabı başa vuran hər kəs bizimlə razılaşar ki, bu mənəvi dəyərlər, zirvələr arasında gözəgörünməz, çətinliklə sezilən ruh oxşarlığı, incə olduğu qədər də ortaq bir ruh var. Elə bütün bu dini görüşləri bir məxrəcə və mərkəzə gətirən də odur. Bugün dünyanın bir çox guşələrində təkallahlı dinlərin təmsilçiləri üçün ortaq ibadət yerləri inşa olunur, eyni çatı altında həm müsəlman, həm xaçpərəst, həm də iudaist Yaradana dininin tələblərinə uyğun şəkildə səcdə edir, dini ayinlərini icra edir. Bu yolla ən azından bir ibadətgah miqyasında dinlərarası qarşıdurma və ayırımçılıq ortadan qalxmış sayılır. Əgər bütün insanları bir Tanrı yaradıbsa, onda bir Göyün altında və bir Yerin üzərində yaşayan insan övladları, iman sahibləri niyə biri-birlərinə amansız düşmən, qənim kəsilməlidirlər?!
Kitabın son bölümünü təşkil edən «Merfi qanunları»nın hər hansı dinlə və ya təriqətlə əlaqəsi olmasa da, bizə elə gəlir ki, onların ruhu da həm Sufiliklə, həm Dzenlə, həm Dao ilə, həm də kitabdakı digər bölümlərlə son dərəcə səsləşir, bir növ onların ruhunu özündə yaşadır. Nisbətən çağdaş dövrün zəka məhsulu olan bu qanunlar da həyatın anlaşılmazlıqlarına bir işıq tutmaqda bizlərə yardımçı olur, nevrozlara yenik düşən çağdaş insana çevrəsində olub-bitən olaylara bir az acı ironiya ilə, bir az şux təbəssümlə yanaşmağı aşılayır.
Müəllif bu kitabın qapağını simvolik bir Göy üzü qəbul edərək, onun altında dünyanın ən müxtəlif və aparıcı dinlərində mövcud olan batini (mistik, ezoterik) axınların təmsilçilərini, onlarla bağlı ibrətli hekayətləri bir arada toplayıb. Lao-çzı, Konfutsi, əl-Ənsari, İdris Şah, B.Ş.Rəcniş (OŞO), B.Brext kimi bənzərsiz şəxsiyyətlərlə bağlı yazılar, DAO, DZEN və Hasid pritçaları, habelə Merfi qanunları isə Azərbaycan oxucusuna ilk dəfə təqdim edilib. Belə bir eksperimental toplu hazırlayan müəllif bu kitabı oxuyan hər kəsin həyatında fərqli bir dönəm başlanacağını, həyata baxış bucağının və tərzinin xeyli şəkildə dəyişəcəyini, Haqqı, Həqiqəti arayan ruhların (bircə anlığına da olsa!) yeniləşəcəyini ummaqdadır.
Yeni kitablar araçılığıyla gələcək görüşlərədək!

 

 

Azad Yaşar Azad Yashar Азад Яшар